Manuel Noyer “Bayern”dən mümkün gedişi haqda sualı cavabladı

“Bayern”in alman qapıçısı Manuel Noyer cari mövsümün sonunda Münhen klubundan ayrılmasının mümkünlüyü haqda sualı cavablayıb.

Arena.az alman nəşri “Kicker”ə istinadən, Noyerin bu barədə cavabını təqdim edir:

“Hazırda mən özümü yaxşı hiss edirəm. Mənə həm də elə gəlir ki, çıxışımdan razıdırlar. Mövsümün sonunda klubdan ayrılmaq fikrim yoxdur. Mən mövsümə hər şeyin iyunda bitəcəyini düşünərək başlamıram”, deyə Noyer vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Noyer Almaniya yığmasında çıxışına xitam verdiyini açıqlamışdı.

Manuel Noyer kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Noyer “Bayern”in heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 43 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib.

Yeni mövsümdə 2 oyun keçirmiş qapıçı 2 qol buraxıb, 1 oyundan isə “quru” qurtulub.

Noyerin “Bayern” karyerası ümumilikdə 523 oyun, 429 buraxılmış qol və 245 “quru” matçdan ibarətdir.

“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: