Manuel Noyer: “Heç vaxt karyeramı bitirməyi düşünməmişəm”

Ötən ildən bəri ilk dəfə yaşıl meydana qayıtmış “Bayern”in qapıçı Manuel Noyer bu barədə təəssüratlarını paylaşıb.

Arena.az məlumat verir ki, oktyabrın 28-də Bundesliqa çərçivəsində “Bayern”in “Darmştadt”a qarşı oyununda (8:0) Noyer əsas heyətdə meydana çıxıb və oyunun sonuna qədər çərçivəni uğurla qoruyub.

Xatırladaq ki, Noyer ötən ilin noyabrında dağ-xizək kurortunda ayağını sındırmışdı və bir ilə qədər müddətdə futbola həsrət idi.

“Mən heç vaxt karyeramı bitirmək barədə düşünməmişəm. Xeyr, qətiyyən yox. Eniş-yoxuşlar olub, amma məndə həmişə meydana qayıtmaq istəyi olub. Burada, klubdakı bütün fəsadların öhdəsindən yaxşı gəldim. Bu məsələdə mental cəhət önəmli olacaq. Futbol yorğunluğu gələcəkmi, ya yox: həmişə belə düşünmüşəm”, – italyan jurnalist-insayder Fabrizio Romano Noyerdən sitat gətirir.

Noyerin ağır sınıq zədəsi alması ilə Almaniya yığmasında əsas qapıçı vəzifəsinin üzərinə götürüb mövqeyini möhkəmləndirmiş “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen haqqında nə düşündüyünü isə Manuel belə cavablayıb:

“Düşünürəm ki, o, indi yığmada mütləq bir nömrədir, amma hazırda bu mövzu mənim üçün fəal deyil. Meydana qayıtdığım üçün və hər şeyin çox yaxşı getdiyi üçün şadam. Dünən Nagelsmanla danışdım, o, mənə ən yaxşısını arzuladı. Mən yaxşıyam və hər şey nəzarətim altındadır. Qarşıdakı oyunları isə səbirsizliklə gözləyirəm. Bu, geri dönüşün yalnız başlanğıcı idi, amma bu, çox ümidvericidir”.

Noyer forma qalmaqalına aydınlıq gətirdi

Noyer qayıdışı üçün əlamətdar olan, “Bayern”in Bundesliqa çərçivəsində “Darmştadt”la oyunundan sonra, rəqib qapıçı Marsel Şuenlə forma dəyişməsindən niyə imtina etdiyinə də aydınlıq gətirib:

“Meydana qayıdışımda geyindiyim köynəyi özümdə saxlamağı çox istəyirdim. Məni başa düşdü, odur ki, hər şey qaydasındadır. Mövsümün ikinci yarısında onunla görüşəndə bu fəsad olmayacaq. Mən həmişə köynəkləri dəyişmişəm, amma məhz bu gün bunu saxlayacağam”, – “Kicker” Noyerdən sitat gətirir.

Noyer “Bayern”də 2011-ci ilin iyulundan çıxış edir. Manuel 30 milyon avro qarşılığında “Şalke”dən transfer edilib. Qapıçının münhenlilərlə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.

Ümumilikdə Noyer “Bayern”in heyətində 489 oyuna çıxıb, 384 qol buraxıb, 234 oyunda qapısının toxunulmazlığını təmin edib. Manuel bütün futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub.

“Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.
Noyer hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub. Qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 37 yaşlı Manuel Noyeri 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: