Almaniya nəhəngi “Bayern”in alman qapıçısı, veteran Manuel Noyer peşəkar klub karyerasında 700-cü oyununu keçirib.
Arena.az məlumat verir ki, Noyer üçün əlamətdar məqam Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Mançester Yunayted” – “Bayern” oyununda (0:1) gerçəkləşib.
Veteran qapıçı özü bu barədə belə deyib:
“Mənim bu faktdan xəbərim yox idi. Ayağımı sındırdıqdan sonra hər şeyin bu qədər yaxşı gedəcəyini və oyunun nəbzini davamlı olaraq saxlaya biləcəyimi heç gözləmirdim. Biz çox xoşbəxtik və mən həkimlərə çox minnətdaram”, – UEFA-nın rəsmi saytı Noyerin sözlərindən sitat gətirir.
Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı “Bayern”də 2011-ci ilin iyulundan çıxış edir. Manuel 30 milyon avro qarşılığında “Şalke”dən transfer edilib. Noyerin münhenlilərlə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.
Ümumilikdə Noyer “Bayern”in heyətində 497 oyuna çıxıb, 394 qol buraxıb, 238 oyunda qapısının toxunulmazlığını təmin edib. Yetirməsi olduğu “Şalke”də isə Noyerin statistikası belədir: 203 oyun, 194 buraxşılmış qol, 80 “quru” oyun. Manuel bütün futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub.
“Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.
Noyer hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub. Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 37 yaşlı Manuel Noyeri 5 milyon avro məbləğində qiymətləndirir.


