Manuel Noyer Tomas Mülleri geridə qoydu, yeni rekordçu oldu

Futbol üzrə Almaniya çempionu “Bayern”in şərəfini qoruyan 39 yaşlı alman qapıçı Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, o, bu uğura Almaniya Bundesliqasının 2025/2026-cı illər mövsümünün 7-ci turunda “Borussiya”ya 2:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Təcrübəli qolkiper ölkə çempionatında qazandığı 363-cü qələbə ilə sabiq komanda yoldaşı Tomas Müllerin (362) göstəricisini geridə qoyub.

Beləliklə, 39 yaşlı Noyer Bundesliqa tarixində ən çox qələbə qazanmış futbolçu adını qazanıb. Alman qapıçı karyerası ərzində “Bayern”in heyətində 571, “Şalke”də isə 203 oyun keçirib.

Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 10 oyuna çıxıb, 7 qol buraxıb, 4 oyunda qapısının toxunulmazlığını təmin edib.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 571 oyun, 466 buraxılmış qol və 269 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 12 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 39 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: