İspaniyanın “Betis” klubu əsas komandanın baş məşqçisi, çilili mütəxəssis Manuel Pelleqrini ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında yeni anlaşmanın müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti 2026-cı ilin yayında başa çatacaqdı.
Xatırladaq ki, Manuel Pelleqrini “Betis”in sükanı arxasına 2020-ci ilin avqust ayında keçib. 72 yaşlı mütəxəssis “Betis”i indiyə qədər 275 oyuna çıxarıb, 130 qələbə, 72 heç-heçə, 73 məğlubiyyət yaşayıb. Topların fərqi isə 441:335 nisbətindədir.
Pelleqrini daha əvvəl İngiltərənin “Vest Hem”, “Mançester Siti”, İspaniyanın “Real”, “Malaqa”, “Vilyarreal”, Argentinanın “River Pleyt”, “San Lorenso”, Çilinin “Universidad de Çili”, “Palestino”, “O Hiqqins”, “Universidad Katolika”, Ekvadorun “LDU Kito”, Çinin “Hebey Fortune” klublarını da çalışdırıb.
Manuel Pelleqrini “Betis”ə 2021/2022-ci illər mövsümündə İspaniya Kubokunu qazandırıb.
Cari mövsümdə keçirdiyi 13 oyunda 21 xal toplamış “Betis” İspaniya La Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


