“Çelsi”’nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın sükanı arxasında keçirdiyi ilk oyun haqda təəssüratını paylaşıb.
Arena.az məlumat verir ki, “Çelsi” mövsümöncəsi hazırlıq məqsədilə yollandığı ABŞ səfərində “Reksem”lə yoldaşlıq oyununda 2:2 hesablı heç-heçə oynayıb.
“Nəticə həmişə vacibdir, amma hazırda ən vacib məqam oyunu qiymətləndirməkdir, xüsusən də işə başlamağımızdan iki həftə keçdikdən sonra. Həm birinci hissədən, həm də ikinci hissədən çox razı qaldım. Təəssüf ki, iki qol buraxdıq, amma ümumilikdə, bir il fasilədən sonra 45 dəqiqə oynamış Fofana kimi oyunçuları və fərqli vəziyyətləri düşünəndə razıyam.
Rəqiblərin hansı səviyyədə olmasının fərqi yoxdur, topun arxasında 11 oyunçu olanda yer və həll yolları tapmaq həmişə çətin olur. Bu, asan deyil. Birinci hissədə cəhd etdik, ikincidə də cəhd etdik və əlbəttə, oyunumuzu yaxşılaşdıra biləcək çox şey etdik. Amma biz işə cəmi iki həftə əvvəl başlamışıq, ona görə də komandanın nə olduğunu və onun simasını anlamaq mənim üçün vacib idi”, – italyan mütəxəssis “Çelsi”nin rəsmi saytına müsahibəsində bildirib.
Oyuna gəlincə, 35-ci dəqiqədə “Çelsi”nin yarımmüdafiəçisi Kristofer Nkunku hesabı açıb. 58-ci dəqiqədə “Reksem”in müdafiəçisi Lyuk Bolton cavab qolunu vurub. 71-ci dəqiqədə hücumçu Cek Marriott “Reksem”i hesabda önə keçirib. “Çelsi” 82-ci dəqiqədə yarımmüdafiəçi Lesli Uqoçukvunun vurduğu qolla məğlubiyyətdən qurtulub.


