Mario Paşaliç: “Xorvatiyanın hələ də qrupdan çıxmaq imkanı var”

Xorvatiya millisinin yarımmüdafiəçisi Mario Paşaliç AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Albaniyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, xorvat futbolçu 2:2 hesabıyla başa çatmış qarşılaşmadan sonra bunları dilə gətirib:

“Təəssüf. İlk hissə bizim təsəvvür etdiyimiz və planlaşdırdığımız kimi alınmadı. İkinci hissədə çox təzyiq göstərdik, iki qol vurduq və oyunda dönüş yarandı. Qarşılaşmada qələbəmizi təmin edən başqa qol vurmadıq. Albanlar təslim olmadıqlarını və güclü olduqlarını göstərdilər. Bununla belə, hələ oyundayıq və son oyunda qrupdan çıxmaq imkanımız var”, deyə Paşaliç vurğulayıb.

Xatırladaq ki, ilk turda İspaniya yığmasına 0:3 hesabıyla uduzmuş Xorvatiya millisi 2 oyundan sonra 1 xalla yer aldığı B qrupunda sonuncu pillədə qərarlaşıb. Paşaliç və komanda yoldaşlarını son turda İtaliya millisi ilə sınaq gözləyir. Bu qarşılaşma iyunun 24-də keçiriləcək.

Mario Paşaliç 2020-ci ilin sentyabr ayından İtaliyanın “Atalanta” klubunda forma geyinir. 29 yaşlı mərkəz yarımmüdafiəçisi bu komandanın heyətində 251 oyuna çıxıb, 53 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Hayduk” (Split), “Elçe”, “Spartak” (Moskva), “Monako” və “Milan” kimi klublarda da oynayıb.

Paşaliç 2014-cü ilin sentyabr ayında debüt etdiyi Xorvatiya yığma komandasında 64 oyun keçirib, 10 qol və 5 məhsuldar ötürmə müəllifi olub. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: