İtaliyanın “Latsio” klubunun ispaniyalı mərkəz müdafiəçisi Mario Xila bundan sonra A Seriyasının digər təmsilçisi “Milan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Milan”ın rəsmi saytına istinadən xəbər verir.
İtaliya nəhəngi 25 yaşlı futbolçunun “Latsio”dan tamhüquqlu əsasda transfer olunduğunu rəsmən açıqlayıb. Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
İtaliya mətbuatının yaydığı məlumata görə, transferin dəyəri 30 milyon avro təşkil edib.
Mario Xila Madrid “Real”ının akademiyasının yetirməsidir. Bu səbəbdən “kral klubu” futbolçunun növbəti satışından əldə olunacaq gəlirin 50 faizinə sahib idi. Nəticədə, bu transfer sayəsində Madrid təmsilçisi də təxminən 15 milyon avro gəlir əldə edəcək. “Latsio” isə bu oyunçunu 2022-ci ildə 21 milyon avro müqabilində heyətinə qatmışdı.
İspan müdafiəçi son üç mövsümü “Latsio”nun heyətində keçirib və bu müddətdə komandanın əsas heyət üzvlərindən birinə çevrilib. O, paytaxt təmsilçisinin heyətində 120 oyuna çıxıb, 2 qola imza atıb. Xila vaxtilə “Real”ın əsas komandasında da 2 oyun keçirib.
İspaniyanın U-21 yığmasında oynamış Xilaya əsas millidə debüt qismət olmayıb.


