Almaniyanın “Şalke” klubunun hücumçusu Marius Bülter Bundesliqanın digər təmsilçisi “Hoffenhaym”a transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə təcrübəli futbolçunun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
30 yaşlı futbolçunun transferi “ağ-göylər”ə 3 milyon avroya başa gəlib. Tərəflər 3 illik müqaviləyə imza atıblar.
Yeri gəlmişkən, “Hoffenhaym” yeni oyunçusunu qeyri-adi şəkildə təqdim edib ki, tanıtım klipindəki yaradıcılıq bu transferi daha diqqətçəkən edib. Məsələ burasındadır ki, “Şalke”nin matçlarının birində Bülter “Hoffenhaym”ın doğma stadionu – “Wirzol-Reyn-Nekkar-Arena”da künc bayrağının dirəyini qırıb. Klipdə Bülter sınıq bayraq və yapışqan lentlə yeni klubunun ofisinə gəlib və “üzr istəyirəm” deyib. Bu video qısa zamanda sosial şəbəkələrdə məşhurlaşıb və milyonlarla insan tərəfindən bəyənilib.
Xatırladaq ki, Marius Bülter 2021-ci ildən “Şalke”də forma geyinirdi. O, bu komandanın heyətində meydana çıxdığı 69 oyunda 23 qol və 14 məhsuldar ötürmə müəllifi olub. Hücumçu “Rodinqhauzen”, “Union Berlin”, “Maqdeburq”, “Ayntraxt” (Reyne) və “Noyenkirhen” kimi klublarda da forma geyinib.


