Almaniyanın “Borussiya” (Dortmund) klubunun sağ cinah müdafiəçisi Marius Volf bundan sonra “Auqsburq”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Auqsburq” rəsmi saytı vasitəsilə məlumat yayıb.
29 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. O, “Auqsburq”la 3 illik sözləşməyə imza atıb.
Peşəkar karyerasına “1860 Münhen” klubunda başlamış Marius Volf, “Hannover”, “Ayntraxt” (Frankfurt), “Herta”, “Köln” kimi komandalarda da forma geyinib. 2018-ci ildən “Borussiya”da olan müdafiəçi, Dortmund klubunun əsas komandasında 121 oyuna çıxıb, 5 qol və 6 assistlə yadda qalıb. Volf Almaniyanın əsas yığmasında 5 oyuna çıxıb.
“Auqsburq” “Norviç Siti”nin sol cinah müdafiəçisi Dimitris Yannulisi də heyətinə qatıb. Azad agent statusuna malik 28 yaşlı yunan futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Dimitris Yannulis “Vataniakos”un yetirməsidir. PAOK, “Pyerikos”, “Veriya”, “Anortosis”, “Atromitos” kimi klublarda da çıxış etmiş müdafiəçi, 2021-ci ildən formasını geyindiyi “Norviç Siti”də 103 oyuna çıxıb, 7 assistlə yadda qalıb. O, 2018-ci ilin mayında debüt etdiyi Yunanıstan yığmasında da 27 oyun keçirib.
“Auqsburq” onları icarəyə verdi
“Auqsburq” üç futbolçusunu da icarəyə verib. Sol cinah müdafiəçisi David Çolina Danimarkanın “Vayle” klubuna icarəyə göndərilib. O, bu mövsümün sonuna kimi icarədə olacaq. Müqavilədə satınalmaya dair şərt də nəzərdə tutulub.
Xatırladaq ki, Çolina ötən mövsümdə də “Vayle”də icarədə oynayıb.
“Auqsburq” David Çolinanı 2023-cü ilin yanvarında Split “Hayduk”undan 650 min avro qarşılığında transfer etmişdi. Xorvatiyadan olan 24 yaşlı müdafiəçi Almaniya klubunun heyətində 8 oyuna çıxıb, 1 qol vurub. O, “Auqsburq”dan öncə “Monako” və “Hayduk”un formasını geyinib. Çolina Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Auqsburq”un mərkəz müdafiəçisi Patrik Pfayfer İsveçrənin “Yanq Boyz” klubuna keçib. Qanadan olan 24 yaşlı futbolçu 2025-ci ilin yayına kimi İsveçrədə çıxış edəcək. “Hamburq”un yetirməsi olan, “Darmştadt”da da oynamış Pfayfer, 2023-cü ildən “Auqsburq”da çıxış edirdi. O, bu komandanın heyətində cəmi 12 oyuna çıxıb, 1 assistlə yadda qalıb.
“Auqsburq”un hücumçusu İrvin Kardona da “Espanyol”a keçib. 27 yaşlı futbolçu da 2025-ci ilin 30 iyununa qədər İspaniya klubunda icarədə çıxış edəcək.
“Monako”nun yetirməsi olan İrvin Kardona “Serkl Brügge”, “Brest”, “Auqsburq”, “Sent Etyen” kimi klublarda da forma geyinib. Fransalı hücumçu 2023-cü ildə qoşulduğu “Auqsburq”un heyətində 13 oyuna 1 qol və 1 assist müəllifi olub.
“Espanyol”da bir ayrılıq, bir icarə
Yeri gəlmişkən, İrvin Kardonanı heyətinə qatmış “Espanyol”da da iki ayrılıq yaşanıb. İspaniyalı sol cinah müdafiəçisi Xose Karlos Laso azad agent kimi komandanı tərk edib. Hazırda onun karyerasını harada davam etdirəcəyi məlum deyil.
Madrid “Real”ının yetirməsi olan 28 yaşlı futbolçu “Espanyol”un heyətində 31 oyuna 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Laso “Almeriya”, “Luqo”, “Rekreativo” kimi klublarda da forma geyinib.
“Espanyol” hücumameyilli yarımmüdafiəçisi Xavyer Ernandesi də “Hueska”ya icarəyə verib. 20 yaşlı ispan futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.


