Mariya Kirilyuk Rusiyada gümüş medal qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Mariya Kirilyuk Rusiya çempionatının Yüksək Liqasında gümüş medal qazanıb. Arena.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu “Severyanka” (Çerepoveç) klubu Rusiya birinciliyinin Yüksək Liqasının A divizionunda mübarizə aparıb.

Sözügedən kollektiv son qarşılaşmada “Lokomotiv”in ikinci komandası ilə üz-üzə gəlib. Həlledici matçda rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi çempionatın gümüş medalına sahib çıxıb.

Yarış dairəvi sistem üzrə keçirilib. İlkin mərhələni lider kimi başa vuran “Severyanka” final mərhələsində topladığı xallara görə ikinci olub.

Mariya Kirilyuk bu mövsümdən “Severyanka”nın uğurları üçün çalışır. O, daha öncə “Şenjen Feniks”, “Sparta (Nijni Novqorod), “Mübariz”, “Azərreyl”, “Lokomotiv” (Bakı) klublarında da forma geyinib.