Mark-Andre ter Ştegen tibbi müayinədən keçdi, durumu bilindi

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Almaniya yığmasının düşərgəsində aldığı zədədən sonra tibbi müayinədən keçib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, ter Ştegenin zədəsinin ciddi olmadığı müəyyən edilib.

Mənbənin məlumatına görə, Ter Ştegenin noyabrın 25-də “Barselona”nın İspaniya La Liqasında “Rayo Valyekano”ya qarşı keçirəcəyi oyunda meydana çıxması mümkündür. Amma qapıçının oyunda iştirakı ilə bağlı yekun qərar onun yaxın bir neçə gün ərzində ağrılarının davam edib-etməməsindən asılı olacaq.

Xatırladaq ki, Ter Ştegen Almaniya millisinin düşərgəsində ikən kürəyində kəskin ağrı hiss edib və bu səbəbdən tibbi müayinədən keçmək üçün Barselonaya qayıtmağa məcbur olub.

Mark-Andre Ter Ştegen Mönhenqladbah “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro müqabilində “Barselona”ya keçib.

Cari mövsümdə Ter Ştegen “Barsa”nın heyətində 17 oyuna 15 qol buraxıb, 8 oyunda isə qapısının toxunulmazlığını təmin edə bilib. Alman qapıçı “Barselona”nın heyətində ümumilikdə 394 oyun keçirib, 383 qol “yeyib” və 165 oyundan “quru” qurtulub.

Ter Ştegen “Barselona” ilə 5 dəfə İspaniya Liqasının, 5 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Ter Ştegen 2012-ci ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 38 oyuna 47 qol buraxıb, 11 “quru” oyun keçirib. Ter Ştegen Almaniya yığması ilə 2017 Konfederasiyalar Kubokunun qalibi, həmçinin U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı Mark-Andre ter Ştegeni 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: