Mark Kukurelya “Barselona”ya mümkün qayıdışından danışdı

İspaniya yığmasının və “Çelsi”nin müdafiəçisi Mark Kukurelya “Barselona”ya mümkün geri dönüşü haqda sualı cavablayıb.

Arena.az ispan futbolçunun bu barədə cavabını təqdim edir:

“Bu gün bu barədə düşünmürəm, indi başımda buna heç yer yoxdur. Düşünürəm ki, bu, artıq keçmişdir. Nə baş verə biləcəyini heç vaxt bilmirsən, amma bu barədə heç düşünmürəm. “Çelsi”də də çətin illərim olub, amma xoşbəxtəm və ailəm yaxşıdır”, deyə Kukurelya vurğulayıb.

Xatırladaq ki, Mark Kukurelya “Barselona”nın yetirməsidir. 25 yaşlı sol cinah müdafiəçisi vaxtilə Kataloniya təmsilçisinin əsas komandasında cəmi 1 oyuna çıxıb. O, İspaniyada “Xetafe” və “Eybar”ın da formasını geyinib. 2021-ci ildə “Xetafe” Kukurelyanı 18 milyon avro qarşılığında İngiltərənin “Brayton” klubuna satıb. 2022-ci ilin avqustunda isə “Çelsi” 65,3 milyon avro ödəməklə ispan müdafiəçini heyətinə qatıb. Həmin dövrdən bəri Mark London klubunun heyətində 59 oyuna çıxıb, 1 qol və 4 assist müəllifi olub.

Qeyd edək ki, Mark Kukurelyanın “zadəganlar”la müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər qüvvədədir.

Mark Kukurelya 2021-ci ilin iyun ayında debüt etdiyi İspaniya milli komandasının heyətində 6 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı Mark Kukurelyanı 25 milyon avro məbləğində qiymətləndirir.