Almaniya çempionu “Bayern”in yarımmüdafiəçisi Mark Roka Münhen klubundan ayrılıb. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonra karyerasını İngiltərənin “Lids” klubunda davam etdirəcək.
Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. İspaniyadan olan yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün İngiltərə təmsilçisi Almaniya çempionuna 12 milyon avro təzminat ödəyib.
Mark Roka 2020-ci ilin oktyabr ayından “Bayern”də oynayırdı. O, ötən mövsüm bütün turnirlər çərçivəsində 13 matça çıxıb. İspaniyalı oyunçu bütövlükdə bu komandanın heyətində 24 matça çıxsa da, fərqlənə bilməyib.
Roka “Espanyol”un yetirməsidir. O, “Bayern”ə keçənə qədər bu yetirməsi olduğu komandanın heyətində 100-dən çox oyun keçirmişdi. Onun Almaniyadan ayrılmasına məhz Münhen təmsilçisində möhkəmlənə bilməməsi səbəb olub.


