Mark van Bommel – Belçika millisinin yeni baş məşqçisi!

Niderlandlı mütəxəssis Mark van Bommel futbol üzrə Belçika milli komandasının baş məşqçi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssis vəzifəsinin icrasına avqustun 15-dən başlayacaq. Onunla müqavilənin müddəti 2028-ci ildə keçiriləcək Avropa çempionatının sonunadək nəzərdə tutulub.

Xatırladaq ki, iyulun 20-də Belçika Futbol Federasiyası millinin baş məşqçisi postunu tutan fransalı Rudi Qarsiyanın vəzifəsindən ayrıldığını açıqlamışdı. O, 2025-ci ilin yanvarından Belçika yığmasına rəhbərlik edirdi.

Mark van Bommelin sonuncu iş yeri Belçikanın “Antverpen” komandası olub. O, 2022-2024-cü illərdə bu komandaya rəhbərlik edib və 2023-cü ildə Belçika çempionluğu, ölkə kuboku və super kuboku qazanıb. Həmin il niderlandlı mütəxəssis Belçika çempionatında mövsümün ən yaxşı baş məşqçisi seçilib.

Mark van Bommel məşqçilik karyerası ərzində Almaniyanın “Volfsburq” və Niderlandın PSV klublarında da çalışıb. O, həmçinin Avstraliya, Səudiyyə Ərəbistanı və Niderlandın müxtəlif yaş qruplarından ibarət milli komandalarının məşqçi heyətində yer alıb.

Futbolçu kimi isə Van Bommel PSV-nin heyətində Niderland çempionluğunu 4 dəfə qazanıb. O, “Barselona” ilə İspaniya çempionluğu və UEFA Çempionlar Liqasının qalibi olub, “Bayern”lə Almaniya çempionatında 2 dəfə, “Milan”la isə İtaliya çempionatında 1 dəfə qalib gəlib.

Niderland millisinin heyətində Mark van Bommel 2010-cu ildə dünya çempionatının gümüş medalçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: