Türkiyənin “Qalatasaray” klubu braziliyalı müdafiəçisi Markao ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu İspaniyanın “Sevilya” klubuna transfer olunub.
Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb. Braziliyalı oyunçu La Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.
“Sevilya”nın bu transferə görə Türkiyə klubuna 12 milyon avro təzminat ödəyəcəyi bildirilir. İstanbul təmsilçisinin bonuslarla əlavə 3 milyon avro qazanmaq şansı da var.
Markao 2019-cu ilin yanvarından “Qalatasaray”da çıxış edirdi. O, bu komandada 141 matça çıxıb, 2 qola imza atıb. Braziliyalı oyunçu “sarı-qırmızılar”la bir dəfə Türkiyə Super Liqasının, bir dəfə Türkiyə Kubokunun və bir dəfə Super Kubokun qalibi olub. Mərkəz müdafiəçisi əvvəllər “Atletiko Paranaense”, “Quaratinqeta”, “Ferrovyariya”, “Atletiko Qoyaniense”, “Rio Ave” və “Çaves” kimi klublarda da forma geyinib.


