PSJ-nin braziliyalı mərkəz müdafiəçisi, komandanın kapitanı Markinyos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Arena.az xəbər verir ki, bu ölkənin “Əl-Nəsr” klubu onu almaq üçün parislilərə təklif ünvanlayıb.
Jurnalist-insayder Rudi Qalettinin yaydığı məlumata görə, ərəblər Markinyosun özünə də şəxsən müqavilə təklif ediblər. Braziliyalı futbolçunun “Əl-Nəsr”ə keçməyə razı olduğu vurğulanır.
“Əl-Nəsr”in hələlik adı açıqlanmayan Avropanın milli birinciliklərinin birindən digər mərkəz müdafiəçisi ilə də danışıqlar apardığı bildirilir.
Markinyos 2013-cü ildən, artıq 10 ildir ki PSJ-də çıxış edir və gəldiyi gündən komandanın aparıcı oyunçusu statusuna sahibdir.
2022/2023 mövsümündə Markinyos PSJ-nin heyətində 44 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
Markinyosun Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 29 yaşlı Markinyosu 65 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl Markinoysun komandanın ulduz hücumçu Kilian Mbappeyə dəstək məzmunlu ifadələrinə görə, PSJ-nin öz kapitanını satışa çıxara biləcəyi haqda məlumat yayılmışdı.


