PSJ-nin braziliyalı mərkəz müdafiəçisi Markinyos Braziliya millisinin Argentina yığması ilə DÇ-nin seçmə mərhələ oyununda (0:1) zədələnib.
Arena.az bu barədə Fransanın “Ekip” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, braziliyalı müdafiəçi sol omba nahiyəsindən zədə alıb və tezliklə müayinədən keçməlidir. Markinyosun zədə dərəcəsi və bərpa müddəti məlum hələ deyil.
Beləliklə, Markinyos Fransa Liqa 1-i çərçivəsində “Monako” ilə (24 noyabr) və UEFA Çempionlar Liqasında “Nyukasl”la (28 noyabr) oyunları buraxmaq ehtimalı ilə üzləşib.
Markinyos PSJ-yə 2013-cü ilin iyulunda 31,40 milyon avro müqabilində “Roma”dan keçib. Braziliyalı müdafiəçinin paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Təcrübəli futbolçu həm də PSJ-nin kapitanıdır.
Cari mövsümdə braziliyalı müdafiəçi PSJ-nin heyətində 14 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Markinyosun Fransa nəhənginin heyətində ümumi statistikası isə belədir: 421 oyun, 38 qol, 11 məhsuldar ötürmə.
Markinyos PSJ ilə 8 dəfə Fransa Liqa 1-in, 6 dəfə Fransa Kubokunun, 6 dəfə Fransa Liqa Kubokunun, 7 dəfə Fransa Super Kubokunun qalibi, həmçinin 2019/2020 mövsümü Çempionlar Liqasının finalçısı olub.
Markinyos 2013-cü ilin noyabrında debüt etdiyi Braziliya millisinin heyətində 84 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2016-cı il Rio-de-Janeyro Olimpiadasınını qalibi olub, həmçinin, 2019 Amerika Kubokunu qazanıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı Markinyosu 65 milyon avro məbləğində qiymətləndirir.


