PSJ-nin braziliyalı mərkəz müdafiəçisi və kapitanı Markinyos karyerasının sonuna qədər Fransa nəhənginin heyətində çxış etmək istəyir.
Arena.az məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, braziliyalı futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Gələcəyimi PSJ-də görürəm. Bu futbol forması, bu klub, bu şəhər mənim evimdir. İxtiyari surətdə kömək etməyə hazıram və karyeramın qalan hissəsini PSJ-də keçirməkdən çox məmnun olaram. Bəli, karyeramı burada bitirmək yaxşı olardı”, deyə Markinyos bildirib.
Markinyos PSJ-yə 2013-cü ilin iyulunda 31,40 milyon avro müqabilində “Roma”dan keçib. Braziliyalı müdafiəçinin Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə braziliyalı müdafiəçi PSJ-nin heyətində bütün yarışlarda 28 oyuna çıxıb. O, bu oyunlarda 2 məhsuldar ötürmə verib. Markinyosun Fransa nəhənginin heyətində ümumi statistikası isə belədir: 435 oyun, 38 qol və 12 məhsuldar ötürmə.
Braziliyalı futbolçu PSJ ilə 8 dəfə Fransa Liqa 1-in, 6 dəfə Fransa Kubokunun, 6 dəfə Fransa Liqa Kubokunun, 8 dəfə Fransa Super Kubokunun qalibi, həmçinin 2019/2020 mövsümü Çempionlar Liqasının finalçısı olub.
Markinyos 2013-cü ilin noyabrında debüt etdiyi Braziliya millisinin heyətində 84 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2016-cı il Rio-de-Janeyro Olimpiadasınını qalibi olub, həmçinin, 2019 Amerika Kubokunu qazanıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


