İtaliyanın “Frozinone” klubunun mərkəz yarımmüdafiəçisi Marko Breşianini bundan sonra “Atalanta”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Berqamo klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Atalanta” 24 yaşlı futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Yarımmüdafiəçinin “Frozinone” ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Marko Breşianini “Milan”ın yetirməsidir. O, bu klubda olarkən “Virtus Entella”, “Montsa” və “Kozentsa” kimi komandalarda icarədə oynayıb. “Milan”ın əsas komandasında cəmi 6 oyun keçirmiş futbolçu, burada möhkəmlənə bilməyib. Bu üzdən də o, 2023-cü ilin yayında 1,2 milyon avro müqabilində “Frozinone”yə keçib. Yarımmüdafiəçi bu komandanın heyətində 40 oyuna çıxıb. Breşianini bu görüşlərdə 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Breşianini İtaliyanın U-21 yığmasında forma geyinsə də, əsas milli komandada debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.
“Atalanta”nın mərkəz yarımmüdafiəçisi Samuel Covane isə “Karrareze”yə keçib. Sözügedən klub onu 1 mövsümlük icarəyə götürüb. Covanenin “Atalanta” ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.
“Atalanta”nın öz yetirməsi olan Samuel Covane klubun əsas komandasında debüt şansı qazanmayıb. O, daha öncə “Askoli”də də icarədə olub.
İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış 21 yaşlı Samuel Covane, U-21 və əsas milliyə lazım olmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,4 milyon avro məbləğində qiymətləndirir.


