Marko Pelleqrino “Milan”da, Merih Demiral “Əl-Əhli”də!

“Platense”nin argentinalı mərkəz müdafiəçisi Marko Pelleqrino bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

“Milan” gənc müdafiəçinin transferi üçün 3,5 milyon avro ödəyib. Milanlılar daha 2 milyon avronu bonus olaraq ödəyəcəklər. Həmçinin, “Platense” Pelleqrinonun gələcək satışından 10% qazanc əldə edəcək.

Tərəflər 5 illik – müddəti 2028-ci ilin iyunun sonuna qədər olan müqavilə imzalayıblar. Pelleqrino “Milan”da 31 nömrə altında çıxış edəcək.

Pelleqrino “Platense”nin yetirməsidir. O, Argentina klubunun əsas komandasında 17 oyun keçirib, 1 qol vurub.

“Milan”ın hücumameyilli yarımmüdafiəçisi Şarl De Ketelare isə icarə əsasında “Atalanta”ya keçib. 22 yaşlı belçikalı qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. “Atalanta” bir illik icarə üçün “Milan”a 3 milyon avro ödəyib. Gələn yay klub transfer haqqını ödəməklə onu birdəfəlik heyətinə qatmaq hüququna da malikdir.

Xatırladaq ki, milanlılar De Ketelareni ötən ilin avqustunda “Brügge”dən 36,5 milyon avro qarşılığında transfer etmişdilər. O, “Milan”da 40 oyuna cəmi 1 məhsuldar ötürmə müəllifi olub. Daha öncə yalnız “Brügge”də oynamış yarımmüdafiəçi Belçika millisində də 12 oyuna çıxıb, 1 qol vurub.

“Atalanta” da iki futbolçusu ilə vidalaşıb. Hücumçu Emmanuel Latte Lat İngiltərənin “Midlsbro” klubuna, müdafiəçi Merih Demiral Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasına keçib. İtaliya klubu Emmanuelin satışından 5, Merihin keçidindən isə 20 milyon avro qazanıb. Bonuslarla bu məbləğin daha da artması mümkündür. Demiral yeni klubu ilə 4 illik müqavilə bağlayıbsa, Latte Lat 4+1 illik sözləşməyə imza atıb.

Xatırladaq ki, Emmanuel Latte Lat “Atalanta”nın öz yetirməsi olsa da, bu klubun əsas komandasında cəmi 3 matça çıxıb, 1 qola imza atıb. 24 yaşlı forvard “Peskara”, “Pistoyeze”, “Karrareze”, “İmoleze”, “Pyaneze”, “Pro Patriya”, SPAL və “Sankt Qallen” kimi klublarda icarədə olub.

Merih Demiral isə ötən ilin yayında 21 milyon avro qarşılığında “Yuventus”dan keçdiyi “Atalanta”da 70 oyuna çıxıb, 3 qol və 3 assistlə yadda qalıb. O, “Sportinq”, “Alanyaspor”, “Sassuolo” kimi klubların da formasını geyinib, Türkiyə millisində 39 oyuna 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: