Dortmund “Borussiya”sının alman yarımmüdafiəçisi Marko Roys komandanın kapitan sarğısını daşımaqdan imtina edib.
Arena.az bu barədə, Roysun sosial şəbəkəsindəki videoda məlumat verdiyini bildirir:
“Tətildə olarkən bu barədə düşündüm və kapitanlıqdan imtina etmək qərarına gəldim. Beş il ərzində qürurla kapitan sarğısını daşımaqdan zövq almışam. Bu, mənim üçün böyük şərəf idi”, deyə Roys açıqlayıb.
Marko Roys Dortmund “Borussiya”sına 2012-ci ilin iyulunda 17 milyon avro qarşılığında Münhenqladbax “Borussiya”sından keçib. 2018-ci ildən isə dortmundluların kapitan sarğısını daşıyır. Roys vurduğu qolların sayına görə Dortmund “Borussiya”sının rekordçusudur.
Marko Roys Dortmunda keçirdiyi müddət ərzində “Borussiya”nın heyətində 387 oyuna çıxıb, 161 qol vurub, 121 məhsuldar ötürmə verib.
Roys Dortmund klubu ilə 2 dəfə Almaniya Kubokunu və 3 dəfə Almaniya Superkubokunu qazanıb.
Apreldə 34 yaşlı yarımmüdafiəçi klubla müqaviləsini 2023/2024 mövsümünün sonuna qədər uzadıb.
“Transfernarkt” internet-portalı Marko Roysu 7 milyon avro məbləğində qiymətləndirir.