“Atalanta”nın İtaliyadan olan 31 yaşlı qapıçısı Marko Sportyello azad agent qismində “Milan”la müqavilə bağlayıb.
Arena.az bu barədə “Milan”ın rəsmi saytına istinadən xəbər verir.
“Atalanta” ilə müqaviləsi bu il iyunun sonunda başa çatacaq Sportyello, azad agent qismində “Milan”da tibbi müayinədən keçərək müqavilə imzalayıb. Tərəflər arasındakı sözləşmə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Təcrübəli qolkiper yeni komandasında 57 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Marko Sportyello peşəkar karyerasına “Serenyo” klubunda başlayıb. O, “Poccibonsi”, “Karpi”, “Fiorentina”, “Frozinone” kimi klubların da formasını geyinib. 2013-cü ildən “Atalanta”da çıxış edən qapıçı bu komandada 137 oyuna çıxıb, 184 qol buraxıb. Onun hesabında 35 “quru” oyun da var.
2022/2023 mövsümündə Sportyello “Atalanta”nın heyətində 15 oyun keçirib, 21 qol buraxıb, 2 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.
“Transfermarkt” internet-portalı Marko Sportyellonu 1,5 milyon avro məbləğində qiymətləndirir.


