Marsel Zabitser “Bayern”i niyə “silib”?

Dortmund “Borussiya”sının yeni transferi Marsel Zabitser “Bayern”in forması ilə şəkillərini sosial şəbəkələrdən silməsinə aydınlıq gətirib.

Arena.az bu barədə jurnalist Patrik Bergerə istinadən məlumat verir:

“Əlbəttə, bəyənmədiyim məqamlar olub. Amma o fəsli həyatımdan silməmişəm. “Bayern” mənim uşaqlıq arzum olub, bunu unutmaq istəmirəm.

Amma hər şey qaydasında getməyib. Bu, daxili məsələdir, bu barədə danışmağa dəyməz. Mənim oradakı vaxtımı izləsəniz, bunu təxmin etmək olardı. Ancaq pis bir şey demək istəmirəm”.

Xatırladaq ki, iyulun 24-də “Borussiya” avstriyalı yarımmüdafiəçi ilə müqavilə imzaladığını açıqlayıb. Dortmund klubu onun transferi üçün “Bayern”ə 19 milyon avro ödəyib.

Marsel Zabitser “Bayern”ə 2021-ci ilin yayında “Leypsiq”dən 15 milyon avro qarşılığında keçmişdi. O, Münhen təmsilçisində 54 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

2022/2023 mövsümünün ikinci yarısında Zabitser “Mançester Yunayted”də icarə əsasında çıxış edib. O, “qırmızı şeytanlar”ın heyətində bütün yarışlar çərçivəsində 18 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Marsel karyerası ərzində “Admira Vakker”, “Rapid” (Vyana), “Leypsiq”, “Zalsburq” kimi klublarda da forma geyinib. O, Avstriya yığmasında 71 oyuna çıxıb, 14 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: