Futbol üzrə Uruqvay milli komandasının və Milan “İnter”inin hücumçusu Martin Satriano yenidən Fransa “Brest”inə qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
22 yaşlı 2024-cü ilin 30 iyununa qədər icarəyə götürülüb. 2022-ci ilin yanvarından məhz “Brest”də icarədə olurdu. Fransızlar gənc forvardı daha bir il komandada saxlamağa qərar veriblər.

Martin Satriano Uruqvayın “Nasyonal” klubunun yetirməsidir. O, 2020-ci ilin yanvarında 2,4 milyon avro qarşılığında “İnter”ə keçsə də, bu komandada cəmi 4 matça çıxıb və fərqlənə bilməyib. Satriano “Brest”də də 16 oyuna çıxıb, 4 qolla yadda qalıb. O, “Empoli”də də icarədə olub – 32 oyun, 2 qol və 1 assist.
Hücumçu ötən il debüt etdiyi Uruqvay milli komandasında da 1 oyun keçirib.
“Brest” qapıçısı Qrequar Kuder və sağ cinah müdafiəçisi Kenni Lala ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Hazırda 31 yaşı olan Lala yeni sözləşməyə əsasən, 2025-ci ilin 30 iyununa kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcək. 24 yaşlı Kuder isə 3 illik sözləşməyə imza atıb.
Kenni Lala bu ilin yanvarında cəlb olunduğu Fransa klubunda cəmi 19 oyuna çıxıb. O, bu oyunlarda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Fransız futbolçu “Strasburq”, “Lans”, “Valensyenn”, “Olimpiakos” və “Paris” kimi klublarda da forma geyinib.

Qrequar Kuder isə 2021-ci ilin yayından “Brest”də olsa da, əsas komandada hələ rəsmi debüt etməyib. O, daha öncə “Amyen”, “Tur” kimi klublarda forma geyinib.



