Portuqaliyanın “Sportinq” klubunun mərkəz yarımmüdafiəçisi Mateus Fernandes bundan sonra “Sauthempton”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
Bu transfer Premyer Liqa təmsilçisinə 15 milyon avroya başa gəlib. 20 yaşlı portuqaliyalı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Mateus Fernandes futbola “Olhanense” klubunda başlasa da, “Sportinq”in yetirməsi hesab olunur. O, Lissabon klubunun əsas komandasında cəmi 10 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb.
Portuqaliyalı yarımmüdafiəçi 2023/2024 mövsümündə “Eştoril”də icarədə də olub – 35 oyun, 1 qol və 3 məhsuldar ötürmə.
Mateus Portuqaliyanın U-18, U-19 və U-20 yığmalarında forma geyinib. Futbolçu 2023-cü ilin sentyabr ayından etibarən ölkəsinin U-21 yığmasında çıxış edir.


