Mats Hummels “Borussiya”da 500-cü matçına çıxdı

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə ilk oyunu Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu Almaniya klubunun heyətində 500-cü oyununu keçirib.

Yubiley UEFA Çempionlar Liqasının Madrid “Atletiko”su ilə İspaniyadakı səfər görüşünə təsadüf edib. Dortmundlular bu görüşdə 1:2 hesablı məğlubiyyətə üzülüblər.

35 yaşlı müdafiəçi Almaniya təmsilçisinin heyətində keçirdiyi matçların sayına görə yalnız sabiq yarımmüdafiəçi Mixael Sorkdan geri qalır – 572 oyun.

Xatırladaq ki, Mats Hummels “Bayern”in yetirməsidir. O, 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib, daha sonra “Bayern”də üç il keçirərək 2019-cu ildə yenidən Dortmunda qayıdıb. Ümumiyyərtlə Hummels yalnız bu iki Almaniya nəhənginin heyətində çıxış edib.

Müdafiəçinin Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyun sonuna qədər qüvvədədir.

Hummels bu mövsüm “Borussiya”nın formasında 32 oyuna çıxıb və 3 qol vurub. Ümumilikdə, Hummels Dortmund klubunun heyətində 500 oyuna 37 qol vurub, 22 məhsuldar ötürmə verib.

Hummels 2010-cu ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 78 oyuna 5 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib. Mats DÇ-2014-ün qalibidir. Müdafiəçi uzun müddətdən sonra yenidən “bundestim”ə çağırılıb, yığmanın yeni baş məşqçisi Yulian Nagelsman veteran müdafiəçiyə etimad göstərib.

“Transfermarkt” internet-portalı 34 yaşlı Mats Hummelsi 6 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Dortmund “Borussiya”sı və Madrid “Atletiko”su arasındakı cavab oyunu aprelin 16-da Almaniyada baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: