Mats Viffer 30 milyon avroya “Brayton”a keçdi

İngiltərənin “Brayton” klubu heyətini 2 yeni futbolçu – yarımmüdafiəçilər Mats Viffer və Amario Kozier-Düberri ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Viffer Niderlandın “Feyenoord” klubundan 30 milyon avroya transfer olunub. Niderlanddan olan 24 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Mats Viffer Niderlandın digər klubu “Tvente”nin yetirməsidir. “Ekselsior”da da oynamış futbolçu 2022-ci ilin iyul ayından “Feyenoord”da çıxış edirdi. O, bu komandanın heyətində 79 oyuna 9 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

Viffer 2023-cü ilin mart ayından formasını geyindiyi Niderland milli komandasının heyətində 9 oyuna çıxıb. O, bu oyunlarda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Amario Kozier-Düberri isə “Arsenal”dan azad agent kimi “Brayton”a keçib. 19 yaşlı ingilis futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Hücumameyilli yarımmüdafiəçi olan Amario “Arsenal”ın gənclərdən ibarət komandasında forma geyinsə də, əsas komandada debüt şansı qazanmayıb.

Kozier-Düberri İngiltərənin U-16, U-17 və U-18 yığmalarında oynayıb. Hazırda isə o, U-19-da forma geyinir.

“Transfermarkt” internet-portalı 19 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.