Matteo Genduzi “Latsio”da – Rəsmi

Fransanın “Olimpik” (Marsel) klubunun yarımmüdafiəçisi Matteo Genduzi bundan sonra “Latsio”nun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, paytaxt klubu 24 yaşlı fransız futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb.

Matteo Genduzi Marsel təmsilçisinə ötən ilin yayında “Arsenal”dan 11 milyon avro müqabilində keçmişdi. O, daha öncə də formasını geyindiyi bu komandada bütövlükdə 103 matça çıxıb, 10 qol və 19 assistlə yadda qalıb. “Arsenal”, “Loryan”, “Herta” kimi klublarda da oynamış futbolçu Fransa yığmasında 7 matça çıxıb, 1 qol vurub.

“Salernitana”nın qapıçısı Luici Sepe də “Latsio”ya keçib. Paytaxt klubu 22 yaşlı italyan qolkiperi də bu mövsümün sonuna kimi icarəyə götürüb.

Luici Sepe karyerası ərzində “Salernitana”dan başqa “Napoli”, “Piza”, “Virtus Entella”, “Empoli”, “Fiorentina”, “Parma” kimi klublarda da forma geyinib. O, İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Latsio” öz qapıçısı Luis Maksimianonu isə “Almeriya”ya icarəyə verib. 24 yaşlı portuqal qolkiper də mövsümün sonuna kimi icarədə olacaq. “Sportinq”in yetirməsi olan Luis daha öncə İspaniyada “Qranada”nın da formasını geyinib, Portuqaliyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib.

“Latsio”nun yarımmüdafiəçisi Matteo Kançelyeri də “Empoli” tərəfindən icarəyə götürülüb. 21 yaşlı sağ cinah vingeri “Latsio”dan öncə “Verona”da da çıxış edib. O, İtaliya millisində də 1 matç keçirib.

Sepeni “Latsio”ya icarəyə verən “Salernitana” da heyətinə yeni futbolçular cəlb edib. Sözügedən klub Polşanın “Poqon” klubundan 20 yaşlı yarımmüdafiəçi Mateuş Leqovskini transfer edib. Keçidi 3 milyon avroya başa gələn polşalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

Sloveniyanın “Çelye” klubunun hücumçusu Çukvubuykem İkvuemesi də “Salernitana”ya keçib. A Seriyası təmsilçisi bu keçidə görə 1,8 milyon avro ödəyib. 22 yaşlı nigeriyalı forvardla 4+1 illik müqavilə imzalanıb.

“Salernitana” “San Lorenso”nun yarımmüdafiəçisi Aqustin Martecani ilə “Sportinq”in sol cinah vingeri Jovane Kabralı da icarəyə götürüb. Həm 23 yaşlı argentinalı, həm də 25 yaşlı kabo verdeli futbolçu mövsümün sonuna kimi icarədə olacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: