38 yaşlı almaniyalı futbol mütəxəssisi Mattias Yayssle İngiltərənin “Nyukasl” komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Buna qədər Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasına rəhbərlik edən Yayssle İngiltərə klubu ilə 4 illik müqavilə imzalayıb. Alman məşqçi bu vəzifədə Eddi Haunu əvəzləyib. İngiltərə klubu mütəxəssisin “Əl-Əhli” ilə müqaviləsindəki sərbəstqalma maddəsini aktivləşdirərək onun üçün 11 milyon avro təzminat ödəyib.
Yaysslenin məşqçilik karyerasında Avstriyanın “Liferinq” və “Zalsburq” klublarında çalışdığı dövr də var.
33 yaşında “Zalsburq”un baş məşqçisi təyin olunan Mattias Yayssle ilk mövsümündə Avstriya çempionluğu və ölkə kubokunu qazanaraq “qızıl dubl”a imza atıb. O, həmçinin klubu tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə çıxarıb. Daha sonra ardıcıl ikinci çempionluğunu qazanan mütəxəssis komanda ilə Avropa Liqasında da uğurlu çıxış edib.
“Əl-Əhli”yə keçdikdən sonra Yayssle Səudiyyə Ərəbistanı klubunu qısa müddətdə Asiyanın aparıcı komandalarından birinə çevirib. O, ilk mövsümündə komandanın Asiya Çempionlar Liqasına vəsiqə qazanmasına kömək edib. Mütəxəssis “Əl-Əhli” ilə ardıcıl iki dəfə Asiya Çempionlar Liqasının qalibi olub və bu uğura nail olan ilk baş məşqçi kimi tarixə düşüb.
Mattias Yayssle “Nyukasl”ın baş məşqçisi təyin olunmasından məmnunluğunu ifadə edib:
“Nyukasl”ın baş məşqçisi olmaq mənim üçün inanılmaz şərəfdir. Bu, özünəməxsus tarixi, kimliyi və azarkeş kütləsi olan Avropanın ən böyük klublarından biridir. Bu ehtirası və bağlılığı şəxsən yaşamaq üçün səbirsizlənirəm. Klubun ambisiyaları, gələcəyə baxışı və qarşıda duran imkanlar bu layihəni mənim üçün olduqca cəlbedici etdi. Son illərdə “Nyukasl”ın inkişafını yaxından izləyirdim və əldə olunan tərəqqi hər kəs üçün aydındır. Gələcəklə bağlı inanılmaz dərəcədə həyəcanlıyam. Bu layihəyə, klubun ambisiyalarına və seçdiyi istiqamətə tam inanıram. Heyətdə və bütövlükdə klubda böyük potensial görürəm. Futbolçular, məşqçilər korpusu və rəhbərliklə birlikdə klubun daha da irəliləməsinə kömək etmək üçün səbirsizlənirəm”.



