Maudo Jarjue “Şəfa”da!

Şimali Makedoniyanın “Struqa” klubundan azad agent kimi ayrılan qambiyalı müdafiəçi Maudo Jarjue bundan sonra “Şəfa”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq paytaxt klubu növbəti transferini reallaşdırıb. Müdafiəçi Maudo Lamin Jarjue ilə 2 illik müqavilə imzalanıb. 28 yaşlı qambiyalı futbolçu ikinci dəfə Azərbaycanda çıxış edəcək. O, daha əvvəl 2017-2019-cu illər aralığında “Səbail”in formasını geyinib.

Maudo Jarjue peşəkar futbolçu karyerasına Portuqaliyanın “Jil Visente” klubunda başlayıb. O, Avstriyanın “Austria” (Vyana), İsveçin “Elfsborq”, Slovakiyanın “Slovan” (Bratislava), Norveçin “Sandefyord” və Şimali Makedoniyanın “Struqa” komandalarında çıxış edib.

Jarjue Qambiya millisinin də üzvü olub. O, yığmanın heyətində 2 matçda meydana çıxıb.

“Şəfa” buna qədər Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov, Vlad Pop, Andrey Draqu, Dilan Mertens, Mussa Quel və Fərid Yusiflini də heyətinə qatmışdı. Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli və Nahid Əliyevlə yeni müqavilə imzalanıb. Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyev isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: