Messi Liqa Kubokunda “İnter Mayami”nin qələbəsinə töhfə verdi

Futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi Liqa Kubokunun qrup mərhələsinin ilk turunda evdə Meksikanın “Atletiko San-Luis” komandası ilə qarşılaşıb və rəqibini 4:2 hesabı ilə məğlub edib.

Messi bu qarşılaşmada dubl edib və bir məhsuldar ötürmə verib. Bu, futbolçunun dünya çempionatından sonra “İnter Mayami”nin heyətində ilk məhsuldar hərəkətləri olub.

Qeyd edək ki, Messi 2026-cı ildə keçirilən dünya çempionatında Argentina millisinin heyətində gümüş medal qazanıb.

“İnter Mayami” növbəti turda avqustun 9-da “Monterrey”lə qarşılaşacaq.

Liqa Kubokunda ABŞ və Meksika klubları iştirak edir. Qrup mərhələsində komandalar digər ölkənin təmsilçilərinə qarşı üç oyun keçirirlər. Qrup mərhələsinin yekununda hər ölkədən ən yaxşı nəticə göstərən 4 klub pley-offa vəsiqə qazanır.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 18 oyuna çıxıb, 15 qol vurub, 8 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 106 oyun, 92 qol və 52 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: