Messinin Vitinyanı təhqir etdiyi üzə çıxdı

Kütləvi informasiya vasitələrində “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messinin ad-sanına yaraşmayan bir məlumat peyda olub.

Arena.az “L’Equipe” dərgisinə istinadən məlumat verir ki, argentinalı ulduz PSJ-də çıxış edərkən, komandanın portuqal mərkəz yarımmüdafiəçisi Vitinyanı təhqir edibmiş.

Mənbənin məlumatına görə, futbolçular arasında qarşılıqlı anlaşma olmayıb. 2023-cü ilin əvvəlində PSJ-nin məşqlərinin birində Messi Vitinyaya xoşagəlməz surətdə deyib: “Sən nəinki zəifsən, həm də məni incidirsən”.

Xatırladaq ki, Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Cari ilin yay transfer pəncərsində argentinalı ulduz parislilərdən azad agent qismində ayrılaraq MLS təmsilçisi “İnter Mayami”yə keçib. Amerikan kulubu Messi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

PSJ karyerası boyunca Messi parislilərin heyətində 75 oyuna çıxıb, 32 qol vurub, 35 məhsuldar ötürmə verib. Argentinalı ulduz Fransa nəhənginin heyətində 2 dəfə Fransa çempionatının (2021/2022, 2022/2023) və Fransa Super Kubokunun (2022) qalibi olub.

Messi yeni komandası “İnter Mayami”nin heyətində 12 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la 2023 Liqalar Kubokunu qazanıb.

“Tansfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: