Marsel “Olimpik”inin ingiltərəli sağ cinah hücumçusu Meyson Qrinvud Fransa Liqa 1-də oktyabr ayının ən yaxşı oyunçusu elan edilib.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1-in mətbuat xidməti məlumat yayıb.
24 yaşlı vinger oktyabrda Fransa çempionatında 4 oyunda iştirak edib və 5 qol vurub. O, bu mükafatı qazanmaq üçün Xoakin Panikelli (“Strasburq”) və Sofian Diopu (“Nitsa”) geridə qoyub.
Xatırladaq ki, Liqa 1-də cari mövsümün ilk mükafatçısı “Paris”in futbolçusu İlan Kebbal olmuşdu. O, avqust ayının ən yaxşı oyunçusu elan edilmişdi. Sentyabrda isə Florian Toven (“Lans”) fərqlənmişdi.
Marsel “Olimpik”i Meyson Qrinvudu 2024-cü ilin iyul ayında “Mançester Yunayted”dən tamhüquqlu əsasda satın alıb. Keçid Fransa nəhənginə 26 milyon avro məbləğində başa gəlib. İngiltərəli futbolçu Marsel “Olimpik”i ilə müddəti 2029-cu ilin iyun ayının sona qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Meyson cari mövsümdə “Olimpik” üçün keçirdiyi 18 oyunda 11 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Onun Marsel klubundakı ümumi statistikası isə belədir: 54 oyun, 33 qol, 10 məhsuldar ötürmə.
Qrinvud 2023/2024-cü illər mövsümünü icarə əsasında “Xetafe”də keçirib.
Meyson Qrinvud 2020-ci ilin sentyabrında İngltərə yığmasının heyətində debüt edib, meydanda 12 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib. Yığmanın qapıları Qrinvud üçün demək olar ki, bağlıdır. Çünki Meyson zorlama işə bağlı ittihamla üzləşmiş, sonradan təqsirini etiraf edərək, zorladığı xanımla ailə qurmuş və həmçinin bu ittihamla bağlı futbolçu karyerasına fasilə verməli olmuşdu. Bu xoşagəlməz məqam Qrinvudun “Mançester Yunayted”dən və milli komandadan uzaq düşməsinə səbəb olmuşdu.
Qrinvud böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


