“Mançester Yunayted”in sabiq hücumçusu Meyson Qrinvud “qırmızı şeytanlar”la müqaviləsinə qarşılıqlı surətdə xitam verməsi haqda danışıb.
Arena.az xəbər verir ki, Qrinvud bu barədə özünün sosial şəbəkə hesabları üzərindən yazıb.
Əməkdaşlığa qarşılıqlı surətdə xitam verdiyi haqda qərarını “Mançester Yunayted” avqustun 21-də rəsmi bəyanatında açıqlayıb.
“Mən başa düşürəm ki, insanlar sosial şəbəkələrdə gördüklərinə və eşitdiklərinə görə məni mühakimə edəcəklər və insanların ən pisini düşünəcəyini bilirəm.
Məni ixtiyari münasibətdə zorakılığın və ya qəddarlığın düzgün olmadığı ruhunda tərbiyə ediblər. Məni ittiham etdiklərini etməmişəm. Bununla belə, mən öz münasibətlərimdə səhvlər etdiyimi tam etiraf edirəm və sosial şəbəkələrdə həmin dərclərə gətirib çıxaran vəziyyətlərin bir qisminə görə məsuliyyəti öz üzərimə götürürəm. Mən peşəkar futbolçu kimi yaxşı nümunə göstərmək öhdəliyimin olduğunu başa düşürəm. İndi diqqətimi ata və yaxşı tərəfdaş olmaq kimi, daha da böyük məsuliyyətə yönəltmişəm.
Bugünkü qərar “Mançester Yunayted”, ailəm və mən arasındakı müştərək prosesin bir hissəsi idi. Hamımız üçün ən yaxşı həll – futbolçu karyeramı “Old Trafford” hüdudlarından kənarda davam etdirməkdir. Orada, mənim varlığımın klubu yayındırmayacağı yerdə. Yeddi yaşımda futbolçu olandan bəri, mənə göstərdikləri dəstəyə görə “Yunayted”ə təşəkkür edirəm. Mənim bir hissəm həmişə “Mançester Yunayted”ə aid olacaq.
Ailəmə və mənə yaxın olanların hamısına dəstəyə görə hədsiz minnətdaram və indi ətrafımdakıların mənə göstərdiyi etimadı doğrultmalıyam. Mən daha yaxşı futbolçu, amma ən əsası yaxşı ata, daha yaxşı insan olmaq və istedadlarımdan meydanda və meydandan kənarda müsbət mənada istifadə etmək niyyətindəyəm”, – Qrinvud sosial şəbəkələrdə yazıb.
Xatırladaq ki, Meyson Qrinvud zorlamaya cəhd və hücumda şübhəli bilinərək həbs olunduqdan sonra 18 aydan çox “qırmızı şeytanlar”ın heyətində oynamayıb. 21 yaşlı futbolçuya qarşı cinayət işinə 2023-cü ilin fevralında xitam verilsə də, o, komandanın məşqlərindən və oyunlarından uzaqlaşdırıldığı üçün futboldan kənardır. Qrinvud bu günə qədər futbola mümkün qayıdışına hazırlaşmaq üçün fərdi proqram üzrə məşq edib. Bu yay futbolçu, onu zorlamada ittiham edən qadından uşaq sahibi – ata olub.


