Miçel Qurban Qurbanovla “Atletiko”ya vurduğu qolu fərqləndirdi

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Miçel Maderanın ötən gün peşəkar futbolçu karyerasını başa vurduğunu xəbər vermişdik.

Arena.az xəbər verir ki, o, bununla əlaqədar İspaniya mətbuatına müsahibə verib.

Miçel karyerasında mühüm rol oynamış baş məşqçilərin adlarını açıqlayıb. İspan futbolçu həmyerlisi Manuel Presiado ilə Ağdam klubuna başçılıq edən Qurban Qurbanovu xüsusi fərqləndirib: “Presiado Portuqaliya “Sportinq”ində mənə xeyli dəstək verdi. Bundan başqa, onunla şəxsi münasibətlər qurduq və dost ola bildik.

Məni sakitləşdirən digər məşqçi Qurban Qurbanov idi. Hər kəs “Qarabağ”ın mənim üçün sadəcə, yeni təcrübə olduğunu düşündüyü halda, baş məşqçi mükəmməlləşməyimə kömək etdi. Mənə özünü futbola qurban verməyin nə demək olduğunu öyətdi. Qurbanov məşqləri çox sevir, vaxtının çox hissəsini komanda ilə keçirirdi”.

Miçel bu iki mütəxəssisdən başqa, Xosep Qvardiola və Visente Del Boskenin də üslubunu bəyəndiyini söyləyib. Qazandığı təcrübədən razı qalan keçmiş yarımmüdafiəçi ona yüksək səviyyədə oynamaq imkanı yaradan klublara təşəkkür edib. İspaniyalı oyunçu məşqçilik karyerasına başlamaq istədiyini də sözlərinə əlavə edib.

Miçel karyerası ərzində vurduğu ən yaddaqalan qolu da açıqlayıb: “Karyeramda ən vacib an İspaniyada “Atletiko”nun qapısına qol vurmağımdır. Çünki bu, Çempionlar Liqasında yenicə açılan “Vanda Metropolitano” stadionunda əcnəbi komanda ilə oyun idi”.

36 yaşlı yarımmüdafiəçi bildirib ki, bu qol Azərbaycanda böyük əhəmiyyətə malik idi və yenə də önəmini qoruyur: “Keçmiş komandamı izləyir və görürəm ki, onlar həmin epizodu xatırlayır, sevinirlər”.

Miçel karyerasını bitirmə səbəbini də açıqlayıb: “Artıq çoxdandır dabanım ağrıyırdı. Ağrılar 2-3 il əvvəl – “Qarabağ”da çıxış etdiyim vaxtdan başlamışdı. Məşq və oyun vaxtı dəfələrlə axsayırdım. Yeri istiləşəndə isə bunu hiss etmirdim. Amma məhsuldarlığımın 70-80 faizini sərgiləyə bilirdim.

Son anlaradək hər şeyi sınaqdan keçirdim. MRT etdirdim, müalicə aldım. Amma artıq meydanlarda sürünməkdənsə, futbolu buraxmaq daha yaxşısıdır. Elə futbolçular tanıyırdım ki, 60 faiz sağlam halda oynayırdılar. Amma bu, mənlik deyil”.

Qeyd edək ki, Miçel Madera 2015-2020-ci illər aralığında “Qarabağ”da forma geyinib. O, Ağdam klubunun heyətində 159 oyuna çıxıb, 30 qola imza atıb.