Milyarder Misir millisinin üzvlərinə 59 avtomobil hədiyyə edəcək

BƏƏ-li iş adamı və milyarder Xələf əl-Həbtur futbol üzrə Misir millisinin dünya çempionatındakı uğurlu çıxışını xüsusi hədiyyə ilə mükafatlandıracaq.

Arena.az xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb.

Əl-Həbtur komandanın futbolçularına, eləcə də məşqçi, inzibati və tibbi heyətinə ümumilikdə 59 ədəd “Mitsubishi Eclipse Cross” markalı krossover hədiyyə edəcəyini açıqlayıb:

“Misirin sevinci bütün ərəb dünyasının sevincidir. Bu hədiyyə ölkəsini ucaldan, azarkeşlərini sevindirən və bütün ərəblərə qətiyyət, əzm və döyüş ruhunun nümunəsini göstərən Misir qəhrəmanlarına sevgimizin və minnətdarlığımızın ifadəsidir”, – deyə milyarder sosial şəbəkə hesabında yazıb.

Əl-Həbturun təsis etdiyi “Al Habtoor Group” şirkətinin nümayəndəsi bildirib ki, 59 avtomobil artıq göndərilməyə hazırlanır. İş adamı mükafatın yalnız futbolçulara deyil, bütün texniki, inzibati və tibbi heyətə təqdim olunacağını vurğulayıb. Onun sözlərinə görə, əldə olunan uğur bütün kollektivin əməyinin nəticəsidir. Bu barədə artıq Misir Futbol Assosiasiyasına da məlumat verilib.

Qeyd edək ki, Misir millisi tarixində ilk dəfə dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib. Afrika təmsilçisi bu mərhələdə dünya çempionu Argentina yığmasına 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Daha əvvəl BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum da Misir millisinin çıxışını yüksək qiymətləndirərək, komandanın son dəqiqəyədək dünya çempionuna qarşı mübarizə apardığını bildirmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: