Misir millisi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsinə vəsiqəni təmin edib.
Arena.az xəbər verir ki, sözügedən komanda seçmə mərhələnin Afrika zonasının 9-cu turunda Cibuti yığmasını 3:0 hesabı ilə məğlub edib.
Oyunda ilk qolu 8-ci dəqiqədə İbrahim Adel vurub. “Liverpul”un hücumçusu Məhəmməd Salah isə 14-cü və 84-cü dəqiqələrdə fərqlənməklə dubla imza atıb.
Sözügedən komanda bu qələbə ilə A qrupunda liderliyini təmin edərək mundiala vəsiqə qazanıb.
Xatırladaq ki, Misir millisi Afrikadan mundiala vəsiqə qazanmış üçüncü komanda olub. Bu komandadan əvvəl Afrikadan DÇ-2026-nın final mərhələsinə Mərakeş və Tunis yığmaları da vəsiqə qazanmışdılar.
Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.
Hazırda qarşıdakı dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşmiş 19 komanda var:
Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
Yaponiya
Yeni Zelandiya
İran
Argentina
Özbəkistan (debüt)
Cənubi Koreya
İordaniya (debüt)
Avstraliya
Braziliya
Ekvador
Uruqvay
Kolumbiya
Paraqvay
Mərakeş
Tunis
Misir


