Futbol üzrə Avstriya millisinin və İtaliyanın “Venesiya” klubunun müdafiəçisi Mixael Svoboda bundan sonra “Brayton”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
28 yaşlı futbolçu ilə bağlanmış sözləşmə 2030-cu ilin yayına qədər qüvvədə olacaq. Transferin maliyyə detalları açıqlanmasa da, İtaliya və İngiltərə mətbuatının məlumatına görə, müqavilənin dəyəri 5 milyon avro təşkil edir.
2020-ci ildən “Venesiya”nın formasını geyinən avstriyalı mərkəz müdafiəçisi klubun həm B Seriyasından A Seriyasına yüksəlməsində, həm də elitadakı çıxışlarında əsas oyunçulardan biri olub. O, ötən mövsüm bütün turnirlərdə 30 oyunda meydana çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Boyu 1,95 metr olan Mixael Svoboda hava toplarında üstün oyunu, fiziki gücü və müdafiədən topu oyuna çıxarma bacarığı ilə seçilir. O, Avstriya millisinin də heyətində mütəmadi çıxış edir.
“Brayton” 2025/2026 mövsümünü İngiltərə Premyer Liqasında 53 xalla 8-ci pillədə başa vuraraq Avropa Konfrans Liqasına vəsiqə qazanıb. Klub yeni mövsüm ərəfəsində müdafiə xəttini gücləndirmək məqsədilə ilk transferlərindən birini məhz Mixael Svobodanın keçidi ilə reallaşdırıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.



