Almaniyanın “Verder” klubunun qapıçısı Mixael Zetterer bundan sonra Bundesliqanın digər təmsilçisi “Ayntraxt”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Frankfurt klubunun rəsmi saytına istinadən xəbər verir.
“Ayntraxt” bu transferi 5 milyon avroya rəsmiləşdirib. 30 yaşlı almaniyalı qolkiper yeni klubu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.
Mixael Zetterer Almaniyanın “Unterhaxinq” klubunun yetirməsidir. O, 2015-ci ildən “Verder”də çıxış edirdi. Təcrübəli qolkiper Bremen təmsilçisinin heyətində cəmi 80 oyuna çıxıb, 120 qol buraxıb, 22 matçda qapısını toxunulmaz saxlayıb. O, bu illər ərzində “Austria Klaqenfurt” və “Zvolle” kimi klublarda icarədə də olub.
Zetterer Almaniyanın U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı qapıçının transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.


