Polşa yığmasının baş məşqçisi Mixal Probej AÇ-2024-ün qrup mərhələsinin sonuncu, 3-cü turunda Fransa yığması ilə qarşıdakı oyundan danışıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, polyak mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Fransa yığmasına qarşı ən yaxşı heyətlə oynayacağıq. Bu oyun bizim üçün UEFA Millətlər Liqasına hazırlıq baxımından faydalı olacaq.
Əlbəttə ki, vəsiqə qazana bilmədiyimiz üçün məyusuq, amma strategiyamı dəyişməyəcəyəm. Mən bu işə doqquz ay əvvəl başlamışam. Artıq bəzi dəyişikliklər etmişik, amma bizə daha çox vaxt gərəkdir. İnanıram ki, bizim güclü təməlimiz var və biz onu inkişaf etdirə bilərik. Həmçinin burada bizə böyük dəstək olan bütün azarkeşlərimizə də böyük təşəkkürümü bildirirəm”, deyə Mixal Probej bildirib.
Vurğulayaq ki, Polşa yığması Avropa çempionatı ilə artıq vidalaşıb.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “D” qrupunun Fransa – Polşa oyunu bu gün, iyunun 25-də Dortmundun “Siqnal İduna Park” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.
3-cü tur ərəfəsində “D” qrupunun mənzərəsi belədir:
- Niderland – 4 xal
- Fransa – 4 xal
- Avstriya – 3 xal
- Polşa – 0 xal


