Mixaylo Mudrik oktyabra qədər sıradan çıxdı

“Tottenhem”in ukraynalı vingeri Mixaylo Mudrik aldığı topuq zədəsi səbəbindən ən azı oktyabra qədər komandasına kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bu həftənin əvvəlində məşq zamanı zədələnib və hazırda sol ayağında qoruyucu çəkmə gəzdirir.

Mixaylo Mudrik “Tottenhem”ə transfer pəncərəsinin son günündə “Çelsi”dən icarəyə keçib. O, yeni komandasında debütünü sentyabrın 5-də “Nottingem Forest”lə səfərdə keçirilən və qolsuz başa çatan oyunda edib. Ukraynalı futbolçu matçın 74-cü dəqiqəsində meydana çıxıb.

Bu, Mudrikin 2024-cü ilin noyabrından bəri ilk oyunu olub. O, qadağan olunmuş meldonium maddəsi ilə bağlı müsbət test nəticəsinə görə araşdırmaya cəlb edilmiş və əvvəlcə 4 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Lakin iş yekunlaşdıqdan sonra futbolçunun cəzası aradan qaldırılıb və o, iyul ayında yenidən oynamaq hüququ qazanıb.

Qeyd edək ki, “Tottenhem”in baş məşqçisi Roberto De Zerbi Mixaylo Mudrik ilə daha əvvəl “Şaxtyor”da birlikdə çalışıb. İtaliyalı mütəxəssis ukraynalı futbolçunun karyerasını yenidən canlandıracağına ümid edir.

Mudrikin “Tottenhem”ə icarə keçidində futbolçunun transferini 75 milyon funt-sterlinqə birdəfəlik almaq opsiyası da yer alır. Mudrik 2023-cü ilin yanvarında “Şaxtyor”dan “Çelsi”yə keçib və transferin ümumi dəyəri bonuslarla birlikdə 88,5 milyon funt-sterlinqə çata bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: