Dopinq istifadə etdiyi üçün 4 il müddətinə futboldan uzaqlaşdırılmış “Çelsi”nin ukraynalı cinah hücumçusu Mixaylo Mudrikin cəzası ləğv edilib.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə vurğulanır ki, Mixaylo Mudrikin dopinq işi ilə bağlı araşdırma başa çatıb. Klub bildirib ki, bu proses Mudrik üçün həm peşəkar, həm də şəxsi baxımdan olduqca çətin keçib. “Çelsi” ukraynalı futbolçuya bütün müddət ərzində dəstək verdiyini və dopinq əleyhinə sistemin tələblərinə hörmətlə yanaşdığını vurğulayıb.
London təmsilçisi həmçinin qeyd edib ki, elmi test standartlarında əldə olunan yeniliklər nəzərə alınmaqla, Mudrikin nümunəsi müasir texniki tələblərə uyğun analiz edilsəydi, nəticə müsbət hesab olunmayacaqdı. Bu səbəbdən futbolçuya qarşı dopinq qaydalarının pozulması ilə bağlı qərar qəbul edilməyib.
Mudrik proses boyunca qadağan olunmuş maddədən bilərəkdən və ya qəsdən istifadə etmədiyini bildirib. O, həmçinin həmin maddənin izlərinin orqanizminə necə düşdüyünü bilmədiyini qeyd edib.
“Çelsi”dən bildirilib ki, Mudrikin dərhal futbola qayıtmasına imkan verilib. Klubun əsas məqsədi onun komandaya yenidən inteqrasiyasına, optimal fiziki formasını bərpa etməsinə və yaşıl meydana qayıtmasına kömək etməkdir.
Qeyd edək ki, “Çelsi” dopinq qaydalarına və idman dürüstlüyünün ən yüksək standartlarına sadiq olduğunu bəyan edib.
Ukraynalı vinger artıq yaşıl meydanlara qayıda biləcək. Mudrik komanda ilə birlikdə təlim-məşq toplanışı üçün Honkonqa yollanacaq. Artıq oyun yeni mövsümdə meydana çıxması üçün heç bir maneə qalmayıb.
Xatırladaq ki, 25 yaşlı oyunçu 2024-cü ilin dekabrında antidopinq qaydalarını pozduğu üçün futboldan uzaqlaşdırılmışdı.


