Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Molde” – “Qarabağ” matçı üçün Ağdam klubunun azarkeşlərinə 737 bilet ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər oyun günü – noyabrın 30-da yerli vaxtla 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi “Aker” stadionunda K sektorunun qarşısında satılacaq. Biletin qiyməti 200 Norveç krodunur (təqribən 17,05 avro).
Ağdam klubunun yaydığı məlumatda o da vurğulanır ki, bilet almağa gələrkən özünüzlə şəxsiyyəti təsdiq edən sənəd götürməyiniz tələb olunur.
Xatırladaq ki, “Molde” – “Qarabağ” oyunu noyabrın 30-dan dekabrın 1-nə keçən gecə Molde şəhərindəki “Aker” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə gecə yarısı – saat 00:00-da start veriləcək.
Onu da qeyd edək ki, “Aker” stadionu 11 249 azarkeş tutumuna malikdir.


