“Monako” iki futbolçusu ilə yollarını ayırdı

“Monako” iki futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Fransa çempionatında mübarizə aparan knyazlıq klubu müdafiəçisi Strahinya Pavloviç və hücumçusu Pyetro Pelleqri ilə vidalaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pavloviç Avstriya çempionu “Zalsburq”a transfer olunub. 21 yaşlı serbiyalı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Transferin maliyyə detalları açıqlanmayıb.

Serbiya yığmasının da üzvü olan Strahinya, 2020-ci ildən “Monako”da çıxış edirdi. “Partizan”ın yetirməsi olan mərkəz müdafiəçisi Liqa 1 klubunda möhkəmlənə bilməyib. Bu üzdən də o, İsveçrənin “Bazel”, Belçikanın “Serkl Brügge” kimi klublarına icarəyə verilib. “Monako”da cəmi 12 oyun keçirmiş futbolçu, Serbiya yığmasında da 20 matça çıxıb.

Pyetro Pelleqri isə İtaliyanın “Torino” klubuna keçib. 21 yaşlı italiyalı futbolçunun bu klubla müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb.

Futbol üzrə İtaliya yığmasında da 1 oyun keçirmiş Pelleqri, “Cenoa”nın yetirməsidir. O, “Monako”ya 2018-ci ildə transfer edilmişdi. Amma bu klubun əsas komandasında möhkəmlənə bilməyən hücumçu, ötən mövsümün ilk yarısını “Milan”da, ikinci dövrəsini isə “Torino”da icarədə keçirib. Gənc futbolçu Turin klubunda meydana çıxdığı 9 matçda 1 qol vurub. Pelleqri “Monako”da da 23 oyuna çıxıb, 2 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: