“Monako” Kassum Uattaranı heyətinə qatdı

Liga 1 təmsilçisi “Monako” Liga 2-də çıxış edən “Amyen”dən fransalı gənc sol cinah müdafiəçisi Kassum Uattaranı heyətinə qatıb.

Arena.az bu barədə Knyazlıq klubunun rəsmi saytına istinadən xəbər verir.

Kassum Uattara futbolda ilk peşəkar müqaviləsini ötən mövsüm “Amyen”lə bağlayıb. Ötən gün – noyabrın 1-də isə Uattara “Monoko” ilə 5 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb. Knyazlıq klubu Uattaranın transferi üçün 2 milyon avro xərc çəkib ki, bu da müdafiəçinin təxmin edilən bazar qiymətindən üç dəfədən artıqdır.

Kassum Uattara “Amyen”in heyətində ümumilikdə 22 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Uattaranın “Monako”nun heyətində qarşıdakı oyunların birində debüt edəcəyi gözlənilir.

Kassun Uattara 2022-ci ilin martında Fransanın U-18 yığmasında debüt edib, ümumilikdə 2 oyun keçirib. Bundan başqa müdafiəçi “xoruzalar”ın U-19, U-20 yığmalarına dəvət alıb, amma debüt etməyib.

“Transfermarkt” internet-portalı 19 yaşlı Kassum Uattaranı 600 min avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Monako” mərkəz müdafiəçisi Krislen Matsima ilə də yeni müqavilə bağlayıb. 21 yaşlı fransız futbolçunun yeni sözləşməsinin müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub.

Krislen Matsima “Monako”nun öz yetirməsidir. O, bu komandada 39 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. Bir müddət “Loryan”da da icarədə oynamış müdafiəçi Fransanın aşağı yaş qrupları üzrə milli komandalarının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: