Bu ilin yayında “Monako” klubundan azad agent kimi ayrılmış fransalı sol cinah müdafiəçisi Cordan Semedo özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu bundan sonra karyerasını Bolqarıstanın “Slaviya” (Sofiya) klubunda davam etdirəcək.
Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıblar.
Cordan Semedo “Monako”nun yetirməsidir. O, Liqa 1 təmsilçisinin U-19 və B komandalarında çıxış etsə də, əsas komandada debüt şansı qazanmayıb. Ötən mövsümü Belçikanın “Serkl Brügge” klubunda icarədə keçirmiş futbolçu bu yay “Monako”nu azad agent kimi tərk etmişdi.
Semedo Fransanın U-19 və U-20 yığmalarında da çıxış edib.
“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.


