“Roma”nın portuqal baş məşqçisi Joze Mourinyo komandasının İtaliya A Seriyasındakı təqvimindən narazılığını dilə gətirib.
Arena.az bu barədə “Pazzi Di Fanta”ya istinadən məlumat verir.
Portuqal mütəxəssis “Roma”nın “Empoli” ilə oyununun (7:0) sentyabrın 17-də, bazar günü baş tutmasından şikayətlənib.
“Mour” buna, “canavarlar”ın cəmi dörd gün sonra, sentyabrın 21-də Avropa Liqasında “Şerif”lə (Moldova) qarşılaşmasını əsas gətirib:
“Hazırda cəmi üç mərkəz müdafiəçisi var. Sançes 45 dəqiqə, Dibala azca çox oynadı. Özü də bəxtimiz gətirmədi ki, bazar günü, sonra isə cümə axşamı Avropa Liqasında oynayırıq. A Seriyasında kimsə məni sevmir.
KİV-in nə olduğunu, mətbuatın bəzi azarkeşlərə təsirini çox yaxşı başa düşürəm, amma mənim üçün biz, bir neçə həftə əvvəl haqqında danışılan komanda deyildik. Onların keçən həftə dedikləri kimi, mən elə də qorxunc məşqçi olmamışam. Amma bu oyundan sonra qeyri-adi komandaya çevrilmədik.
Biz inkişaf imkanına malik komandayıq. Məqsədimiz yalnız oyunbaoyun oynayıb qalib gəlməkdir”, deyə Mourinyo mənzərini adi qarşılayıb.
4 turdan sonra “Roma” 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət nəticəsinda 4 xalla A Seriyasında 12 pillədə qərarlaşıb.
A Seriyasına 4 turdan sonra mütləq nəticə – 12 xal əldə etmiş “İnter” liderlik edir.


