“Bayern”in hücumçusu Tomas Müller bildirib ki, “Bayer”in Almaniya çempionu adını daşıması Münhen komandasını ilhamlandırır.
Arena.az Almaniya Bundesliqasının rəsmi saytına istinadən, alman futbolçunun bu barədə fikrini təqdim edir:
“Bəli, bu il biz daha da ilhamlanmışıq. Son mövsümlərdə nəsə alınmayanda biz çox da narahat olmurduq. Bu, ilhamımızın azalması kimi qiymətləndirilə bilər, amma bizdə bu həmişə kifayət edirdi. Düzünü desəm, son illərdə Hansi Flikin çalışdırdığı dövrdən savayı, səmərəmizdən həqiqətən razı qaldığımız bir mövsüm olmayıb. Onsuz da biz hər zaman ilhamlı olmuşuq, sadəcə olaraq fərqli səviyyədə”, deyə Müller bildirib.
Xatırladaq ki, “Bayern” sentyabrın 28-də Bundesliqanın 5-ci turu çərçivəsində mərkəzi görüşdə “Bayer”i qəbul edəcək.
4 turdan sonra “Bayern” 12 xalal Bundesliqanın yarış cədvəlinin zirvəsində yer alıb. “Bayer” isə 9 xalla 2-ci pillədən Almaniya nəhəngini təqib edir.
Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir. Müllerin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 6 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 713 oyun, 245 qol, 270 məhsuldar ötürmə.
Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.
Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı veteran hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.