Almaniyanın “Bayer” klubunun fransalı hücumçusu Mussa Diabi İniltərə Premyer Liqası təmsilçisi “Aston Villa”ya keçib.
Arena.az bu barədə Birmingem klubunun rəsmi saytına istinadən məlumat verir.
24 yaşlı hücumçu “Aston Villa” ilə 5 illik müqavilə imzalayıb. Transfer birmingemlilərə 55 milyon avroya başa gəlib. Danışıqlar zamanı Diabi, ona böyük məbləğdə müqavilə təklif edən Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in təklifini rədd edib.
Geridə qalmış 2022/2023 mövsümündə Diabi “Bayer”in heyətində 48 oyuna çıxıb, 14 qol vurub, 11 məhsuldar ötürmə verib. O, “əczaçılar”la Bundesliqada 6-cı yeri tutub.
PSJ-nin yetirməsi olan Mussa Diabi “Bayer”ə 2019-cu ilin iyul ayında 15 milyon avro qarşılığında keçmişdi. Sağ cinah vingeri bu komandada bütövlükdə 172 oyuna çıxıb, 49 qol və 48 məhsuldar ötürmə müəllifi olub. O, bir müddət icarə əsasında “Krotone”də də oynayıb.
Diabi həmçinin Fransa yığmasının heyətində 9 oyun keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
“Bayer” Diabinin əvəzində Belçikanın “Yuion” klubunun hücumçusu Viktor Bonifaseni transfer edib. Nigeriyadan olan 22 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. Bundesliqa təmsilçisi onun transferi üçün 20.5 milyon avro ödəyəcək.

Viktor Bonifase “Yunion”a 2022-ci ilin avqustunda “Bodo Qlimt”dən 6.1 milyon qarşılığında keçmişdi. O, Belçika təmsilçisində 51 oyuna 17 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.
“Bayer” yarımmüdafiəçisi Deyli Sinkqravenlə də yollarını ayırıb. Niderlanddan olan 28 yaşlı futbolçu azad agent kimi İspaniyanın “Las Palmas” klubuna keçib. O, La Liqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. “Bayer”in 2019-cu ilin iyulunda “Ayaks”dan 5 milyon avroya transfer etdiyi yarımmüdafiəçi Leverkuzen təmsilçisində cəmi 78 oyuna çıxıb və 6 məhsuldar ötürmə ilə yadda qalıb. “Herenven”də də oynamış futbolçu Niderlandın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.


